BŞDYPİ dayanma, durma və parklama ilə bağlı yol-hərəkəti qaydalarını pozanlara qarşı növbəti reyd keçirib - VİDEO

DSC02248

Vaqif Əsədov: “Milli mentalitetimizlə əlaqədar olaraq, bəzi cəza növləri müsbət nəticə vermir”

Aprelin 22-də Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı növbəti dəfə reyd keçirib.

“Azadİnform” İnformasiya Agentliyi və “Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatı Bakı şəhər Dövlət Yol Polis İdarəsi ilə birgə həyata keçirilən “Paytaxt yollarında təhlükəsizlik” layihəsi çərçivəsində BŞDYPİ-nin əməkdaşları tərəfindən aparılan reydlər “İnşaatçılar”, “20 Yanvar” və “Elmlər Akademiyası” metro stansiyalarının ətrafını əhatə edib. Son vaxtlar parklanma qaydalarının pozulması hallarının sayının artması, o cümlədən taksilərin avtobus dayanacaqlarında, piyada səkilərində avtomobil park etmələri ilə əlaqədar bu cür tədbirlərin təşkili xeyli aktuallaşıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov belə reydlərin mütəmadi keçirildiyini söyləyir.

DSC02184

“Gün ərzində 600-ə yaxın inzibati protokol tərtib olunur. Bundan əlavə, 100-ə yaxın avtomobil evakuatorla cərimə meydançasına aparılır. Bütün bunlar öz müsbət nəticəsini verir. Bizim qurum əməkdaşları ilə yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələri də sürücülər arasında maarifləndirmə işləri aparırlar. Xüsusi fəallıq göstərənlər arasında “Azadİnform” İnformasiya Agentliyi və “Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatı da var. Onlar vaxtaşırı maraqlı və faydalı tədbirlər təşkil edirlər. Belə tədbirlərə biz də öz növbəmizdə dəstək verir və qatılırıq. Zənnimcə, bütün bunlar mütləq öz faydasını verəcək. Amma onu da qeyd etməliyəm ki, elə cəza növləri var ki, milli mentalitetimizlə əlaqədar olaraq, müsbət nəticə vermir”, - deyə Vaqif Əsədov qeyd edib.

Bu gün “20 Yanvar”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metro stansiyaları ətrafında reyd aparan yol polis əməkdaşlarının sözlərinə görə, bu yaxınlarda analoji reyd “Koroğlu” stansiyası ətrafında da keçiriləcək.

DSC02230

“Bugünkü reyddə əsas diqqəti avtobus dayanacaqlarına yönəltdik. Gündəlik həyatımızda avtobus dayanacaqlarının taksi sürücüləri tərəfindən zəbt olunmasının tez-tez şahidi oluruq. Reyd zamanı onlara hər vasitə ilə bunun qanunsuz olduğunu izah edirik. Amma biz ərazidən uzaqlaşan kimi yenə hər şey qayıdır öz əvvəlki vəziyyətinə. Axı biz səhərdən axşamadək dayanacaqların keşiyini çəkə bilmərik. Məgər onlar özləri bu hərəkətlə ictimai nəqliyyat istifadəçilərinin hüquqlarını pozduqlarını, onların həyatları üçün təhlükə yaratdıqlarını görmürlər? Mütləq biz gərək bununla bağlı hər gün protokol tərtibedək? Gərək onlar özləri bir qədər məsuliyyətli davransınlar. Başqalarının hüquqlarını pozmağa ixtiyarları olmadığını dərk etsinlər. Yoxsa ki, bizim protokol tərtib etməyimizlə, onların gedib 40 manat cərimə ödəmələri ilə heç nə həll olunmayacaq. Buna baxmayaraq, biz problem kökündən həll olunanadək inzibati protokollar tərtib etməyə davam edəcəyik.

DSC02254

Onu da qeyd edim ki, “Azadİnform” İnformasiya Agentliyi və “Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatı ilə birgə keçirtdiyimiz layihə çərçivəsində bu cür reydlər cari ilin may ayının sonuna kimi keçiriləcək. Qeyd etdiyim təşkilatlar da bu işdə bizə yardımçı olacaq. Bundan əlavə, reyd aparan polis əməkdaşları üzərində nəzarət həyata keçiriləcək. Sonda reydlərin ən fəal iştirakçıları qeyd olunan təşkilat nümayəndələri tərəfindən mükafatlandırılacaq”, - deyə Vaqif Əsədov əlavə edib.

Bugünkü reydlərdə iştirak edən “Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatının rəhbəri İskəndər Quliyev də bildirib ki, hazırda paytaxt küçələrində parklama ilə bağlı vəziyyət acınacaqlıdır. “Bu gün paytaxt küçələrində baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasının əsas səbəblərindən biri məhz dayanma, durma və parklanma qaydalarına əməl olunmamasıdır. Bundan əlavə, sürət həddinin aşılması, tıxacların yaranması da cəmiyyət və kütləvi informasiya vasitələri üçün aktual mövzuya çevrilib. Ümid edirəm ki, əsas missiyası sürücülük mədəniyyətini yüksəltmək olan bu cür layihələr, eləcə də ictimaiyyətin yollardakı problemlər və tətbiq olunan yeniliklər barədə məlumatlandırmaq sayəsində öz müsbət nəticəsini verəcəkdir”, - deyə o söyləyib.

Qeyd edək ki, reydlərə həmçinin digər kütləvi informasiya vasitələrinin nümayəndələri və yol hərəkəti qaydalarını pozan sürücülərin maarifləndirilməsində yaxından iştirak ADA-nın tələbələri də qatılıblar.

NOPARKING.AZ