“Paytaxt yollarında təhlükəsizlik” layihəsinə yekun vurulub

21

1

Layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polis İdarəsinin 5 əməkdaşı mükafatlandırılıb

İyunun 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Azadİnform” İnformasiya Agentliyi və “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının “Paytaxt yollarında təhlükəsizlik” adı altında təşkil etdiyi layihəyə yekun vurulub. Layihə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin texniki dəstəyilə keçirilib.

Layihə çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt yollarında nəqliyyat vasitələrini parklama və saxlama qaydalarını pozan sürücülərə qarşı kütləvi reydlər keçirilib. Reydlər mərkəzi küçələrlə yanaşı, paytaxtətrafı yolları da əhatə edib. Sözügedən layihə çərçivəsində keçirilən reydlər zamanı Yasamal, Səbail, Nizami, Nərimanov, Xətai, Nəsimi, Binəqədi və digər rayon ərazilərində bütün yol hərəhəti qaydalarını pozan sürücülərə qarşı cərimə tətbiq edilib. Bundan əlavə, yol polisi əməkdaşları sürücülər arasında maarifləndirmə işi həyata keçiriblər. Sürücülərə düzgün parklama qaydaları izah edilib, qayda pozuntusunun yol açdığı neqativ hallar barədə məlumat verilib.

Reydlərdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələri səkilərdə, avtobus dayanacaqlarında və piyada keçidlərində saxlanılmış avtomobillərin çəkilişini aparıblar.

Tədbiri giriş sözü ilə açan “Azadİnform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev sözügedən problemin hazırda bütün gündəmi zəbt etdiyini bildirib. “Avtomobillərin harada və necə gəldi parklanması vətəndaşlarımızın həyatı üçün əsl təhlükədir. Piyadalar üçün nəzərdə tutulmuş yerlərdə avtomobil park edən sürücülər onları yolun hərəkət olan hissəsi ilə irəliləməyə məcbur edirlər ki, bu da öz növbəsində böyük faciələrə gətirib çıxarır. Deməli, bu problemi biz özümüz süni şəkildə yaradırıq. İstəsək, belə xoşagəlməz hallardan qaça bilərik. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər cür şərait yaradılıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları da bu istiqamətdə fəallıq göstərirlər. Şəhərin, demək olar ki, bir çox küçələrində parkomatlar quraşdırılıb. Yeraltı və yerüstü avtomobil dayanacaqları müasir standartlara cavab verir. Bütün bunlar ondan ötrü tikilib ki, yollarda yüklənmə olmasın, tıxaclar aradan qalxsın, piyadaların rahatlığı təmin olunsun. Gəlin etiraf edək ki, 2-3 il əvvəlki tıxaclara indi rast gəlinmir. İndi gərək hər bir yol hərəkəti iştirakçısı da bu işə öz töhfəsini versin. Bu qədər yeraltı və yerüstü park yerləri qala-qala səkilərdə, avtobus dayanacaqlarında maşın saxlamaq böyük qayda pozuntusudur. Gəlin, sonradan peşman olacağımız addımlar atmayaq”, - deyə Niyaz Niftiyev qeyd edib.

2

Tədbirdə çıxış edən “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev də öz növbəsində bu sahədə son vaxtlar köklü dəyişikliklərin aparıldığını deyib. “Son illərdə ölkəmizdə bir çox sahələrdə böyük islahatlar həyata keçirilməkdədir. Bu məqamda yol infrastrukturundakı yenilikləri qeyd etməmək haqsızlıq olar. Ölkəmizdə hər il yüz kilometrlərlə yeni yollar çəkilir, köhnə yollar müasir örtüklə örtülür, müasir standartlara cavab verən körpülər, avtomobil dayanacaqları inşa edilir. Bütün bunlar vətəndaşlarımızın rahatlığı, rifahı üçün edilir. Təəssüf ki, dövlətin bizim üçün yaratdığı bu gözəl şərait qarşılığında bəziləri üzərilərinə düşən kiçik vəzifələri yerinə yetirmək istəmirlər. Hamımıza yaxşı məlumdur ki, paytaxtda şəxsi avtomobillərin sayı həddən artıq çoxdur. Buna baxmayaraq, dövlət qurumlarının əməkdaşları sözügedən sahədə nizam-intizamın pozulmaması, mövcud problemlərin aradan qaldırılması üçün əllərindən gələni edirlər. Bunun qarşılığında sürücülərdən tələb olunan yeganə şərt mədəniyyətdir. Bu gün yollarda yaşanan hərc-mərcliyin əsas səbəbi sürücülük mədəniyyətsizliyidir. Bunun başqa izahı yoxdur. Əslində bu gün bura toplaşmağımızın, layihələr, maarifləndirmə tədbirləri həyata keçirməyimizin də səbəbi belə arzuolunmaz halları aradan qaldırmaqdır. Layihə çərçivəsində keçirilən reydlər zamanı kameralara tuş gələn qayda pozan sürücülər kənardan özlərini görmək imkanı əldə edirlər. Bəlkə özlərini kənardan görəndən, ətrafdakılara gün ərzində nə qədər stress yaşatdıqlarını anladıqdan sonra qayda pozmaqdan əl çəkərlər. Sürücülər dərk etməlidir ki, mövcud yol hərəkəti qaydaları bizim üçün yaradılıb və onlara əməl etmək hər bir yol hərəkəti iştirakçısının borcudur”, - deyə İskəndər Quliyev vurğulayıb.

Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları da iştirak ediblər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov keçirilən bu cür tədbirlərin öz müsbət nəticəsini verdiyini deyib. “Bu cür layihələrlə bağlı ən gözəl məqamlardan biri maarifləndirmə işində yol polisi əməkdaşları ilə yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etməsidir. Bu işdə “Azadİnform” İnformasiya Agentliyi ilə “Qanunsuz parklamalara qarşı mübarizə” ictimai hərəkatı da yaxından kömək edir. Buna görə də onların təşkil etdikləri tədbirlərə hər zaman böyük məmnuniyyətlə qatılır və əlimizdən gələn dəstəyi göstəririk. Mən əminəm ki, əvvəlki tədbirlər kimi, bu layihə də öz müsbət nəticəsini verəcək. Çünki artıq hamı anlayıb ki, mentalitetimizlə əlaqədar olaraq, yalnız cəza tətbiq etməklə istənilən nəticəni əldə etmək olmur. Bəzi məqamlarda maarifləndirmə cəzalandırma tədbirlərindən daha faydalı olur”, - deyə o bildirib.

Qeyd edək ki, layihə çərçivəsində aparılan reydlər və maarifləndirmə işi zamanı yol polisi əməkdaşları sürücülərə qarşı olduqca təmkinli davranış nümayiş etdiriblər. Yol verilən qayda pozuntularına onlara incəliyinə kimi izah edən əməkdaşlar mövcud problemləri aradan qaldırmaq üçün əllərindən gələni ediblər.

3

Keçirilən layihə zamanl bəzi DYP əməkdaşları fəallıqlarına görə xüsusilə seçiliblər. Onlar arasında Bakı Şəhər DYPİ-nin 6-cı tağım YPX inspektoru, polis serjantı Məmmədov Sadiq Qara oğlu, Bakı Şəhər DYPİ-nin 4-cü tağım YPX inspektoru, polis serjantı Səfərov Elvin Məzəddin oğlu, Bakı Şəhər DYPİ-nin 10-cu tağım YPX inspektoru, polis baş serjantı İmamverdiyev Məhəmməd Aslan oğlu, Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Rzayev Fərid Fəxrəddin oğlu, Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin YPX inspektoru, polis serjantı Vəliyev Azər İbrahim oğlu olub.

Həmin polis əməkdaşlara “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadİnform” İnformasiya Agentliyi tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim olunub. Eyni zamanda “Azərsun” Holdinq Şirkətlər qrupu, “Likon” MMC və “HED Academy” Nəqliyyatın təhlükəsizlik şirkəti tərəfindən də hədiyyə paketləri paylanılıb. Bundan başqa, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN XİDMƏT) nümayəndələri də iştirak etmişdir.

“Azadİnform” İnformasiya Agentliyi
“Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

22

23

24

25

26