Yol polisi 20 manatlıq cərimə əvəzinə 40 manat yazır

ershad m

DYP-dən cavabHər bir halda bu qayda pozuntusuna görə cəmi 20 manat cərimə oluna bilər

Yol hərəkəti qaydaları əleyhinə olan bəzi inzibati xətalara görə hərəkət iştirakçıları məsuliyyətə cəlb edilərkən təcrübədə səhvlərə yol verilir. Avtosfer.az bildirir ki, belə səhvlərin əksəriyyəti konkret vəziyyətə hüquqi qiymət verilməsindəki çətinliklərdən irəli gəlir. Amma elə səhvlər var ki, onlara mütəmadi olaraq yol verilir. Bəzi belə səhvlər sistemli xarakter alaraq təcrübədə uzun müddət davam etməkdədir.

Həmin səhvlərdən biri yolda, küçədə, prospektdə ikinci, üçüncü və s. cərgədə dayanan və ya duracağa qoyulan nəqliyyat vasitəsi sürücülərinin cərimələnməsi ilə bağlıdır. Bəzi DYP inspektorları sürücülərin bu hərəkətini nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozma kimi qiymətləndirərək onlara İXM-in 327.1-ci maddəsi üzrə 40 manat cərimə tətbiq edirlər. Bu yanlış təcrübəyə və onun nəticəsində çıxarılmış səhv qərarlara kifayət qədər tez-tez rast gəlinir. Yəqin belə fikri formalaşdıranlar fərqindədirlər ki, ikinci, üçüncü və sonrakı cərgələrdə parklanma daha təhlükəlidir və adi dayanma-durma qaydalarını pozmaya nisbətən daha ciddi cəriməyə səbəb olmalıdır. Əslində bu mülahizə başadüşüləndir, lakin qanunsuzdur. Əgər bu gün qanun ikinci cərgədə parklanan, hətta qanunsuz parklanaraq yolun hərəkət hissəsini tam bağlayan avtomobilin sürücüsü ilə boş küçənin lap kənarında qanunsuz parklanan avtomobilin sürücüsünün eyni məbləğdə cərimələnməsini nəzərdə tutursa, bu, qanunun qüsuru sayıla bilər. Amma həmin qüsur kiminsə fərdi mülahizəsi ilə aradan qaldırıla bilməz və qanun birmənalı tətbiq olunmalıdır.

Qayıdaq mətləbə. Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydası dedikdə, onun yolun harasında hərəkət etdirilməsi başa düşülür. Bu anlayış nəqliyyat vasitəsinin yolda dinamik (yəni hərəkət vəziyyətində) yerləşməsini ehtiva edir. Onun qaydaları “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsində təsbit edilmişdir. Əgər sürücü həmin Qanunun 49-cu maddəsinin tələblərini pozarsa, onda o, İXM-in 327.1-ci maddəsi üzrə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğuna görə məsuliyyətə cəlb olunaraq, 40 manat cərimələnə bilər.

Amma ikinci, üçüncü və sonrakı cərgələrdə nəqliyyat vasitəsini dayandıran və ya duracağa qoyan sürücü “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələbini pozmuş olur. O, məhz dayanma və durma qaydalarını pozur və buna görə də hər bir halda yalnız İXM-in 346.1-ci maddəsi ilə cəmi 20 manat cərimə oluna bilər (əgər həmin yer avtobus dayanacağı deyilsə). İkinci, üçüncü və sonrakı cərgələrdə dayanan və ya duracağa qoyulan nəqliyyat vasitəsinin sürücüsü adı çəkilən Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbini pozur. Həmin hissədə deyilir: Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir.

Beləliklə, ikinci, üçüncü və sonrakı cərgələrdə, yolun solunda, eləcə köndələninə, tərsinə vəs. qanunsuz vəziyyətlərdə dayanan və ya duracağa qoyulan avtomobilin sürücüsü bu hərəkətinə görə İXM-in 346.1-ci maddəsi üzrə yalnız 20 manat cərimələnə bilər. Heç bir halda belə vəziyyətdə dayanmış və ya duracağa qoyulmuş avtomobilin sürücüsü İXM-in 327.1-ci maddəsi üzrə məsuliyyətə cəb edilə bilməz.

Avtosfer.az bildirir ki, bu məsələ ilə bağlı sürücülərdən biri Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi sorğu göndərib. Sorğuya verilən cavabdan da aydın olur ki, yuxarıda qeyd olunan qayda pozuntusunun cəriməsi 20 manatdır. Həmin cavabı da təqdim edirik:

Ərşad Hüseynov,
hüquqşünas