Qarabağ əlilləri ilə yol polisi arasında nə baş verir?

qarab

"Radarlar əlilləri tanımır, protokolların sayı çoxalanda da mübahisə yaranır"

Son dövrlər yol polisləri ilə Qarabağ müharibəsi əlilləri arasında müxtəlif səpkili problemlər ortaya çıxır. Bəzən, hər kəs əlillərin haqlı olduğunu düşünür, lakin araşdırıldıqda məlum olur ki, heç də belə deyil. Əksər hallarda məsələnin kökü cəriməni ödəməmək, protokolu ləğv etdirmək, avtomili nömrəsiz və plyonka ilə idarə etmək kimi hallar ortaya çıxır. Əslində isə bunu təkcə əlillər etmir, əksər sürücülər cərimədən yayınmaq üçün bir çox yollara əl atırlar…

Hər kəs anlayır ki, əlillər cəmiyyətimizin həssas təbəqəsidir. Onların daim qayğıya və diqqətə ehtiyacı var. Elə dövlətimiz də daim bu diqqət və qayğını onların üzərindən əskik etmir. Onlara evlər verilir, avtomobillər təqdim olunur və bu proses davam edir. Lakin bütün bunlar o demək deyil ki, dövlətin və cəmiyyətin göstərdiyi diqqət və qayğıdan sui-istifadə olunsun. Bir şeyi unutmaq olmaz ki, Qarabağ əlilləri Vətənimizin, dövlətimizin bütövlüyü, müdafiəsi uğrunda can qoyublar və sağlamlıqlarını itiriblər. Elədirsə, bu gün Vətənin, dövlətin qaydalarına, qanunlarına niyə əməl etmək istəmirlər?

Bəzən əlil dostlarımız haqlı olaraq irad tuturlar ki, nə üçün məmur övladları, varlı uşaqları qaydalara əməl etmir, bahalı nömrə ilə bahalı maşın sürür və sair. Lakin məsələ burasındadır ki, bu, onların seçdiyi yoldur, Sizlər isə daha şərəfli bir yol seçib canınızdan, qanınızdan keçmisiniz. Belədirsə, nə üçün qaydalara əməl edib, yaxşı nümunə göstərmək əvəzinə özünüzü hansısa harınlamış imkanlı uşaqlarla müqayisə edirsiniz? Siz onlardan qat-qat üstünsünüz və cəmiyyətimiz sizləri hər zaman nümunə olaraq görmək istəyir. Məsələn, dövlət nömrə nişanı ola-ola onu gizlətmək Qarabağ əlilinə başucalığı gətirmir və bunu özləri də yaxşı bilirlər. Avtomobilin dörd bir yananı qara plyonka ilə örtmək çox eybəcər görsənir.

Qaxda Qarabağ əlilinin öz avtomobilini yandırması ürək ağrıdan bir hal idi. Onun haqlı olduğuna şübhəmiz yoxdur. Polisin də məsələyə aqressiv yanaşması qınanmalıdır. Lakin gərək, əlil qardaşımız vəziyyətdən çıxış yolunu avtomobili yandırmaqda görməyəydi.

Demirik ki, yol polisi əlillərə qarşı hər zaman haqlı davranır. Bəzən kobud münasibətlə üzləşən əlillər çox narahat olurlar. Onlara qarşı diqqət və qayğı ilə yanaşmaq hər bir DYP əməkdaşının borcudur və belə də olur. Ancaq bəzən neqativ hallar da baş verir ki, halda DYP əməkdaşının cəzasız qalması yolverilməzdir.

Bütün bunları daxili işlər naziri, general-polkovnik Ramil Usubov da ötən həftə DYP əməkdaşlarının sıra baxışında qeyd edib və bildirib ki, əlillərə qarşı həssas yanaşılmalıdır. Nazir həmçinin, əlillər üçün nəzərdə tutulan avtomobillərdə xüsusi texniki vasitələrin dövlət hesabına təmin edilməsi və əlil sürücülər üçün təlim kurslarının təşkili barədə göstərişlər də verib. Bu baxımdan, gələcəkdə DYP əməkdaşları ilə Qarabağ əlilləri arasında xoşagəlməz halların baş verməyəxəyinə inam formalaşdı.

Məsələyə münasibət bildirən hüquqşünas, Qarabağ müharibəsi veteranı Ərşad Hüseynov Avtosfer.az-a dedi ki, müharibə əlilləri əhalinin həssas sosial qruplarından olduğuna görə onların iştirakı ilə baş verən bu tipli mübahisəli hallar həmişə ictimaiyyətin diqqətini cəlb edir: «Əslində, burada qeyri-adi bir şey yoxdur. Əgər mətbuatı izləsək görərik ki, belə mübahisəli məqamlar digər vətəndaşların da iştirakı ilə olur. Çünki hüquqi məsuliyyətə cəlb etmə prosesində mübahisəli məqamların yaranmasına zəmin var. Çox az adam tapılar ki, onun barəsində tətbiq olunan cərimədən məmnun qalsın. İnsanların qanunu pozduqdan sonra məsuliyyətdən kənarda qalmaq cəhdi başadüşüləndir. Amma bunun qanuni yolları var. Məsələn, narazı qaldığın qərardan həmin dövlət orqanının yuxarı rəhbərliyinə və ya məhkəməyə şikayət etmək olar. Lakin bəzən məsuliyyətdən kənar qalmaq üçün yersiz mübahisəyə girişənlər də olur.

Nəticədə emosional atmosfer yaranır, həm DYP əməkdaşı, həm də vətəndaş qarşılıqlı ittihamlar səsləndirərək qalmaqallı vəziyyətlərə gətirib çıxarırlar. Təcrübə göstərir ki, müharibə əlilləri daha emosionaldırlar. Çünki onlar öz xidmətləri qarşılığında həssas yanaşma umurlar. Amma bu da qanundan kənara çıxmaq üçün əsas olmamalıdır».

Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə hər kəs qanun qarşısında bərabər olmalıdır. Kimin üçünsə hər hansı güzəşt yalnız qanunda nəzərdə tutulduğu halda keçərlidir: «Heç kəs qanunda mövcud olmayan güzəşt və üstünlüyə iddia etməməlidir. Məsələn, müharibə əlillərinin müəyyən sosial güzəştləri və imtiyazları var. Onlar hər hansı məhdudiyyət olmadan bu imtiyaz və güzəştlərdən istifadə etməlidirlər. Elə həmin imtiyazlardan biri bu şəxslərə dövlət hesabına fərdi minik avtomobillərin verilməsidir. Lakin müharibə əlili öz xidmətləri qarşılığında aldığı bu avtomobili hamı kimi qanunlara riayət etməklə istifadə etməlidir. Çünki məsuliyyət məsələsində onlar üçün hər hansı güzəşt nəzərdə tutulmur. Əgər kimsə konkret qanun pozuntusu törədib məsuliyyətdən kənar qala biləcəyini düşünürsə, əmin olsun ki, nə vaxtsa, bu zəmində problemi olacaq. Ona görə ki, belə arzu özü qanundan kənardır».

Son günlər Qarabağ əlilləri və DYP əməkdaşları arasında ictimai marağa səbəb olan bir neçə mübahisənin dalbadal baş verməsinə münasibət bildirən Ərşad Hüseynovun fikrincə, bunun da özünəməxsus səbəbi var: «Ədalət naminə qeyd edək ki, DYP əməkdaşları müharibə əlillərinə həmişə hörmətlə yanaşıblar. Hətta kifayət qədər ciddi qayda pozuntuları olanda da onlara güzəşt olunur. Amma bunu konkret olaraq yolda xidmət edən DYP inspektorları edirlər. Müharibə əlilinin idarə etdiyi avtomobillə törədilən qayda pozuntusu texniki vasitələrlə aşkar edildikdə isə onlara güzəşt etmək çətin olur. Çünki texnika heç kəsə fərq qoymur. Nəticədə konkret müharibə əlilinin adına bəzən 10-15 və ya daha çox elekron protokol olduğu aşkara çıxır. Bunu eşidən istənilən şəxs məyus olur, etiraz edir və s. Məhz bu zəmində münaqişəli vəziyyət yaranır. Ona görə də keçmiş döyüşçü qardaşlara tövsiyyə edirəm ki, heç vaxt və heç yerdə qaydaları pozmasınlar. Ümumiyyətlə, istənilən adamın xüsusi güzəştə güvənməsi çox təhlükəlidir və yolverilməzdir. Çünki DYP inspektorunun göz yumduğu xırda qayda pozuntusu bəzən faciəli qəzaya gətirib çıxara bilər».

Belə səs-küylü halların baş verməməsi ilə bağlı hüquqşünasın təklifləri də maraqlı oldu. Onun fikrincə, müharibə əlilləri heç bir halda qanunda olmayan güzəştə və imtiyaza iddia etməməlidirlər. “Onlar Vətən torpağı uğrunda döyüşərək sağlamlıqlarını itiriblər. Bu torpaq Vətənin maddiyatıdırsa, cəmiyyətdə mövcud olan qanunlar, qaydalar və normalar da çox mühüm sosial dəyərlərdir. Vətən torpağını qoruyan şəxs onun bütün sərvətlərini, o cümlədən qanunları da qorumalıdır. Bu sosial dəyərlərə laqeyd münasibət Vətən qarşısındakı digər xidmətlər xələl gətirməkdən başqa bir şey deyil».

Onun fikrincə, tək-tək də olsa bəzi müharibə əlillərinin yollarda kobud hərəkətləri bütövlükdə müharibə veteranlarının adına kölgə salır: «Məsələn, bir də baxırsan ki, əlilin idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı yoxdur, yaxud həmin avtomobilə çox kobud və nəzərə çarpan konstruksiya dəyişiklikləri edilib. Açığı, bunu anlamaq çətindir. Axı, heç kim deyə bilməz ki, mən bunu tələsdiyimdən etmişəm. Belə qanundankənar hərəkətlərin müharibə əlilinə hansı fayda verməsi, hansı zərurətdən irəli gəlməsi də başadüşülən deyil. Belə epizodik kobudluqlar cəmiyyəti qıcıqlandırır, müharibə əlillərinin Vətən qarşısındakı xidmətlərinə kölgə salır. Elə buna görə də müharibə əlilləri yüksək imtizamlılıq göstərməli, Vətənə olan sevgini hər zaman önə çəkməlidirlər.

Eyni zamanda belə vəziyyətlərlə qarşılaşan DYP əməkdaşları da peşəkarlığı unutmamalıdırlar. Həqiqətən də həssas qrup hesab olunan müharibə əlillərinə daha diqqətlə, qanunun bütün tələblərinə ciddi riayət etməklə yanaşmalıdırlar. İstənilən digər vətəndaş kimi onlara da qanunvericiliyin tələblərini aydın izah etməli, yaranan mübahisəli məqamlarda şikayət etmək hüquqlarının olduğunu bildirməlidirlər. Yalnız bu üsulla istənilən vətəndaşı, o cümlədən də müharibə əlilini qərarın ədalətli olmasına inandırmaq olar».

Elməddin Muradlı