"Ayıq sürücü" müştərinin maşınından 5 min manat oğurladı

ogru

Faktla bağlı araşdırmalar davam edir

Abşeron polisi müştərinin avtomobilindən 5000 manat oğurlayan “ayıq sürücü” xidmətinin əməkdaşını saxlayıb. 5000 manatının yoxa çıxdığını bilən zərərçəkmiş Abşeron rayon Polis İdarəsinə müraciət edib. Avtosfer.az xəbər verir ki, polis İdarəsindən salamnews-a verilən məlumata görə, əməliyyatçılar şikayətçidən "ayıq sürücü" xidmətinin hansı şöbəsinə müraciət etməsini öyrəndikdən sonra şübhəli şəxsin müəyyənləşdirilməsi çox vaxt aparmayıb.

Bakı şəhəri Nərimanov rayon sakini, 23 yaşlı Nicat Əsəd oğlu Kamalov şəxsi avtomobili ilə sərnişin daşımaqla yanaşı, "ayıq sürücü" xidməti də göstərirmiş. O, evinə gələn əməliyyatçıları gördükdə nə baş verdiyini anlayıb və törətdiyi cinayəti etiraf edib. N.Kamalov "isti izlər"lə ələ keçirilməsinə baxmayaraq avtomobildən götürdüyü pulun 500 manatını xərcləməyə imkan tapıb. Yerdə qalan məbləğ polis tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı Abşeron rayon Polis İdarəsində başlanılan cinayət işi üzrə araşdırmalar davam edir.